Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərlə görüş keçirilib | |
Martın 4-də Bakı İdman Sarayında Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüş keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azsport.az saytı xəbər verir ki, nazir Azad Rəhimov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsindən 7 mindən çox xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib: “Bizim üçün Xüsusi Yay Olimpiya Oyunları və idmançılarımızın bu oyunlarda iştirakı çox vacibdir. Bu yarışlarda ölkəmizi 10 idman növündə 56 idmançı təmsil edəcək. Xüsusi qayğıya ehtiyacı olan insanlar cəmiyyətimizin üzvləridir və cəmiyyətdə gedən bütün proseslərə qatılmalıdırlar. Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. Ötən il Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biri olan Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin XX Qlobal Forumunun Bakıda təşkili göstərir ki, Azərbaycanda bu sahədə mühüm işlər görülür. Qeyd edim ki, bu foruma 45 ölkədən 220-dən çox iştirakçı qatılmışdı”. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğının göstərildiyini vurğulayan nazir gələcəkdə daha çox insanın onlara dəstək verəcəklərinə inandığını vurğulayıb. A.Rəhimov milli komandamıza uğurlar arzulayıb və onların Vətənə medallarla qayıdacaqlarına əminliyini bildirib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, xüsusi olimpiyaçılarımızın Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarında iştirakına dəstək verilib. Bu Oyunlarda iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb. Qeyd edək ki, görüşdə tədbir iştirakçıları xüsusi olimpiyaçıların təlim-məşq prosesinə baxıblar və atletlər nümunəvi çıxışlar nümayiş etdiriblər. Gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Xüsusi Yay Olimpiya Oyunlarının qalibi və mükafatçısı Həbib Tağıyevlə stolüstü tennis oynayıblar. Tədbir “Qayğı Sağlam Nəsil” ictimai birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yeniyetmə və gənclərinin iştirakı ilə hazırlanmış əyləncəli tamaşa proqramı ilə davam edib. Məlumat üçün deyək ki, Xüsusi Yay Olimpiya Oyunları martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək. İlk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar xüsusi qayğıya ehtiyacı olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan qlobal inklüzivlik hərəkatdır. Azərbaycanın xüsusi olimpiyaçıları da həmin oyunlarda iştirak edərək böyük nailiyyətlər qazanıblar. İdmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24 medal (8 qızıl, 11 gümüş və 5 bürünc) qayıdıblar. Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir. |
|
Xəbər 1282 dəfə oxundu. |
|
|