“Azəryol” həndbol komandası növbəti qələbəsini qazanıb | |
Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib. “ABU Arena”da təşkil olunan ilk görüşdə çempionatın favoritlərindən sayılan “Azəryol” komandası “Gənclər Birliyi” ilə üz-üzə gəlib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” azarkeşlərini növbəti qələbəsi ilə sevindirib. Oyun 33:20 hesabı ilə başa çatıb. Günün digər matçında isə “Qarabağ” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə daha yüksək əzmkarlıq nümayiş etdirən “Qarabağ” 36:29 hesabı ilə qalib gəlib. Xatırladaq ki, Azərbaycan çempionatının üçüncü dövrəsinə Tbilisidə start verilib. On birinci turun ilk oyununda “Olimpiya”nın qonağı olan “Azərsu” yarışda iştirak edən Gürcüstan həndbolçularına qalib gəlib – 43:21. On iki oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. Əsas rəqibindən bir oyun az keçirən “Azəryol” 20 xalla ikinci pillədədir. “Qarabağ” 14 xalla 3-cü yerdə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının 7 xalı var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Aktivində xalı olmayan “Gənclər Birliyi” yarışın autsayderidir. |
|
Xəbər 1200 dəfə oxundu. |
|
|