Kunq-fu üzrə Prezident kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Kunq-fu Federasiyasının və “ALTIS” şirkətlər qrupunun təşkilatçılığı ilə dekabrın 23-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş kunq-fu üzrə Prezident kuboku turniri keçirilib.

300-ə yaxın idmançının iştirak etdiyi yarışın təşkilində əsas məqsəd idmançıların peşəkarlıq səviyyəsini artırmaq və dünya azərbaycanlılarının idmanın ətrafında birləşdirməkdir.

Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda bayrağımızı ucaltdıqlarını, himnimizi səsləndirdiklərini bildirib. İdmana hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən N.Aslanov deyib ki, federasiya dövlət idman siyasətinin həyata keçirilməsinə, ölkəmizdə idmanın kütləviliyinin artırılmasına töhfə verməyə çalışır.

Federasiyanın vitse-prezidenti Orxan Qəribov, “ALTİS” şirkətlər qrupunun rəhbəri Kamal Heydərov ölkəmizdə idmanın inkişafına dair dövlət siyasətinin reallaşdırılmasına töhfə verməkdən qürur duyduqlarını, idmançıları dəstəkləməyə hər an hazır olduqlarını bildiriblər.

Turnirdə yeniyetmələrin yarışında Fərid Kazımov, gənclər arasında Ruslan Hüseynov, böyüklərdə isə Səxavət Həsənov, Murad Qasımov, Toğrul Mikayılov, Ellər Orucov, Erkin Osmanov, Rauf Gərayzadə, Şənlik Talıbov, Cahangir Qasımov, Xəyyam Səfixanov bütün döyüşlərdə qələbə qazanıblar.

Qaliblərə Prezident kuboku və diplomlar təqdim edilib.

AZƏRTAC

Xəbər 770 dəfə oxundu.