Argentinalı məşhur futbolçu Ernan Krespo Bakıya gələcək
Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də Azərbaycan paytaxtına gələcək.

Həmin gün saat 12-dən 13-dək UEFA Avropa Liqasına həsr olunmuş muzeydə “İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil ediləcək.

Muzeyin ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Saat 13:00-da isə muzeydə E.Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

Ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.

Xəbər 697 dəfə oxundu.