Londondakı “Hampton Court” kral sarayında “Alxan” ləqəbli Qarabağ atının heykəlinin açılışı olub
Dekabrın 19-da Londonda start götürən Olimpiya Beynəlxalq Atçılıq Şousu çərçivəsində “Hampton Court” Kral Sarayının ərazisindəki atçılıq mərkəzində “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlinin açılışı olub.

Mərasimdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Kral sarayının rəhbəri Lord Vestey, Kraliça atçılıq mərkəzinin rəhbəri Tobi Brouni, Vindzor At Şousunun direktoru Simon Bruks Vard, Şounun departament müdiri Sara Ruterford Couns və digər şəxslər iştirak ediblər.

Lord Vestey 2012-ci, 2016-cı və 2018-ci illərdəki Vindzor Kral At şoularına böyük dəstəyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Eyni zamanda, Kraliça II Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq, heykəlin yerinin məhz Kraliça tərəfindən seçildiyini qeyd edib.

ARAF-ın prezidenti Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində son illər Qarabağ atlarının dünyada şöhrətinin və nüfuzunun artdığını, Böyük Britaniya ilə respublikamız arasında müvafiq sahədə əməkdaşlığın beynəlxalq miqyasda atçılıq idmanının inkişafına ciddi töhfə verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

Xatırladaq ki, Qarabağ atlarının cari il mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanıb. ARAF-ın nümayəndə heyəti Böyük Britaniya Taxt-Tacının sahibi Ülyahəzrət Kraliça II Elizabetin doğum günü münasibətilə “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlini hədiyyə edib.

Dekabrın 21-də Azərbaycan nümayəndə heyəti Olimpiya Beynəlxalq At Şousunda möhtəşəm proqramla çıxış edəcək. ARAF-ın hazırladığı proqram “Odlar Yurdu Azərbaycan və Qarabağ atı” adlanır. Həyəcanverici bu proqram Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində nümunəvi hərəkətlər yerinə yetirən süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaq.

London Mərkəzindən 19 kilometr məsafədə yerləşən “Hampton Court” Kral sarayının inşasına 1515-ci ildə başlanılıb. Saray Kral VIII Henrinin yaxın əyanlarından olan kardinal Tomas Volsi üçün tikilib. Bu möhtəşəm imarət Böyük Britaniyanın qədim saraylarından biridir. Britaniyanın ən qədim atçılıq mərkəzi məhz bu sarayın ərazisində yerləşir. 1528-ci ildə qurulan mərkəz bu gün Kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin keçirilməsi və saxlanması üçün fəaliyyət göstərir.

ARAF Böyük Britaniyanın ən məşhur atçılıq tədbirlərindən olan Vindzor At şoularının 2012-ci ildən etibarən iştirakçısı olub. Həmin il üç Qarabağ atı və rəqs qrupu ilə çıxış edən heyət 1956-cı ildən sonra ilk dəfə sarayda qəbul edilən nümayəndə heyəti olub. 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı Böyük Britaniya Kraliçası II Elizabetin doğum günü münasibətilə ona hədiyyə edilib. Gözəlliyi və hərəkətləri ilə hamını valeh edən Qarabağ atları son illər Kraliçanın doğum günü tədbirlərinin mütləq iştirakçısına çevrilib.

ARAF-ın təşkilatçılığı ilə Qarabağ atları 2016-cı ildə Kraliça II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla dünyanı bir daha heyran edib.


Xəbər 1189 dəfə oxundu.