AFFA-nın baş katibi millimizin üzvləri ilə görüşüb | |
AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin heyəti və texniki direktor Bernhard Lippert Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüblər. Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov yığmamızın üzvlərini Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. U-19-un üzvləri isə Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunması münasibətilə təbrik ediblər. Bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə pedaqoq Cahangir Səlimxanov komandanın məşqçi heyətinə cəlb olunub. O, qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək. C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür. Xatırladaq ki, U-19 yığmamız 2019-cu ildə Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, ayın 26-da isə Rumıniya milliləri ilə qarşılaşacaq. |
|
Xəbər 797 dəfə oxundu. |
|
|