Azərbaycan nümayəndə heyəti MOKA-nın Baş Assambleyasında iştirak edir | |
Yaponiyanın paytaxtı Tokioda Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Heyətdə MOK-un baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin rəisi Mehman Kərimov yer alıblar. Assambleya çərçivəsində MOKA-nın audit və maliyyə, marketinq, atletlər, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçirilib və məruzələr dinlənib. Gənclər komissiyasının və MOKA-nın İcraiyyə Şurasının iclasları da gündəliyə daxil edilib. Noyabrın 28-dən MOKA-nın Baş Assambleyası işə başlayıb. Assambleyada 206 Milli Olimpiya Komitəsindən 1400-dək nümayəndə iştirak edib. Tədbir MOKA-nın prezidenti Şeyx Əhməd Al-Fasad Al-Sabahın açılış nitqi ilə başlayıb. Assambleya iştirakçılarının “Tokio 2020” Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlığı da nəzərdə tutulub. Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. |
|
Xəbər 1128 dəfə oxundu. |
|
|