Azərbaycan Premyer Liqasının 12-ci turuna yekun vurulub
Noyabrın 25-də Azərbaycan Premyer Liqasının 12-ci turuna yekun vurulub.

Turun son qarşılaşması “Dalğa Arena”da oynanılıb. Premyer Liqanın autsayderi “Zirə” “Sumqayıt” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin heyətində moldovalı legioner Aleksandr Dedov “dubl” edib. O, 36-cı və 75-ci dəqiqələrdə fərqlənib. 90+7-ci dəqiqədə isə Bilal Həmdi 3-cü qolun müəllifi olub. “Sumqayıt”dan yeganə qola 45+3-cü dəqiqədə Əfran İsmayılov imza atıb.

Qələbə sayəsində “Zirə” xallarını 9-a çatdıraraq “Keşlə” ilə bərabərləşsə də, sonuncu pillədən yüksələ bilməyib. Bu, şəxsi oyunlarda paytaxt təmsilçisinin daha üstün olmasıdır. “Sumqayıt” isə 11 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” səfərdə “Keşlə”ni 2:1, “Neftçi” isə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” – “Sabah” matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.

On iki turdan sonra turnir cədvəlinə 29 xalla “Neftçi” klubu başçılıq edir. “Qarabağ” 24 xalla ikinci, 20 xalı olan “Səbail” üçüncü, debütant “Sabah” isə 17 xalla dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (15), “Sumqayıt” (11), “Keşlə” (9) və “Zirə” (9) yer alıb.

Xəbər 845 dəfə oxundu.