Yaponiya millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında beşinci qızıl medalını qazanıb
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının beşinci günündə - sentyabrın 24-də daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. Yaponiya millisi Bakı mundialında beşinci qızıl medalını qazanıb.

Kişi cüdoçular 90, qadınlar isə 70 kiloqram çəki dərəcəsində mübarizə aparıblar. Çempionatın beşinci günündə ölkəmizi Məmmədəli Mehdiyev təmsil etsə də, mükafatçılar sırasına düşə bilməyib.

Kişilərin yarışında qızıl medal uğrunda görüşdə kubalı İvan Felipe Silva Morales İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə qarşılaşıb. Rəqibini "qızıl xal"la məğlub edən Avropa çempionatının mükafatçısı N.Şerazadişvili ilk dəfə dünya çempionu olub.

Yaponiyalı Kenta Naqasava və Fransa cüdoçusu Aksel Klerqet çempionatın bürünc medalını qazanıblar.

Qadınların mübarizəsində Fransa təmsilçisi Marie Yeva Qahieni məğlub edən yaponiyalı Çizuru Arai ikiqat dünya çempionu olub və komandasına beşinci qızıl medalı qazandırıb. Kolumbiyalı üçqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Yuri Alvear və Yaponiya təmsilçisi Yoko Ono turniri üçüncü pillədə başa vurublar.

Çempionatın altıncı günündə - sentyabrın 25-də kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu gücünü sınayır.

Xəbər 891 dəfə oxundu.