Daha bir boksçumuz Londona lisenziya qazandı

Azərbaycan London Olimpiadasına daha bir olimpiya lisenziyası qazanıb.
İdman.com.az saytının məlumatına görə, bu uğura Türkiyənin Trabzon şəhərində Avropa olimpiya lisenziyası turnirinin 1/4 final döyüşündə qələbə qazanmış Məhəmməd Əbdülhəmidov (56kq) yetişib. Onun rəqibi 2010-cu ilin Avropa çempionu, Almaniya bayrağı altında çıxış etmiş Denis Makarov olub. Görüş 13:4 (4:2, 4:1, 5:1) hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.

Bu, Azərbaycan boksçularının əldə etdikləri altıncı olimpiya lisenziyasıdır.

Ümumiyyətlə, bu günədək 11 idman növündə 33 idmançmız lisenziya qazanıb.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov idmançılarımızın altıncı lisenziyanı əldə etmələrindən və ümumiyyətlə komandanın bu turnirdəki iştirakından razı qaldığını bildirib. O deyib ki, bu Əbdülhəmidov üçün çox vacib döyüş idi və o, layiqli qələbə qazanıb:

“Əlbəttə ki, idmançılarımızın hamısı lisenziya qazana bilmədilər. Amma nəzərə almalıyıq ki, bu çox çətin turnir idi, bütün ölkələr bu sonuncu imkandan istifadə edərək olimpiadaya lisenziya qazanmaq istəyirdilər. Bununla belə bizim hələ bir şansımız da vardır. Ümid edirik ki, Vətən Hüseynli də Londona lisenziya qazanacaqdır”.

İdmançılarımızın London olimpiadasına hazırlığına toxunan Heydərov əlavə edib ki, oyunlara 3 aya yaxın vaxt qalıb. İdmançılarımız Londonda qələbə qazanmaq üçün həm fiziki, həm də idman texnikası baxımından öz üzərlərində daha çox çalışmalıdırlar.

Xəbər 1322 dəfə oxundu.