Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri dünya çempionatının bayrağını Azərbaycanın Bolqarıstandakı səfirinə təqdim edib
Sofiyada bədii gimnastika üzrə Azərbaycan yığmasının da iştirak etdiyi dünya çempionatı başa çatıb.

Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovanın daxil olduğu Azərbaycan yığması çempionatın iki finalında iştirak edib.

Qızlarımız əvvəlcə beş halqa ilə kompozisiyanı icra edərək 20.100 xal ilə beşinci yeri tutublar.

Sonra Azərbaycan yığması üç top və iki ip ilə hərəkət nümayiş etdirərək 20.400 xal toplayıb. Bizim gimnastlar bu növdə yeddinci yeri tutublar.

Yeri gəlmişkən, bu qrup çoxnövçülükdə də yeddinci yeri tutub.

Sofiyada bədii gimnastika üzrə dünya çempionatının bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edildi.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri Morinari Vatanabe bayrağı Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovaya təqdim etdi. Bundan sonra dünya birinciliyi bağlı elan edildi.

Qeyd edək ki, gələn il mundial Bakıda keçiriləcək və Olimpiada ərəfəsində lisenziyalı turnir statusuna malik olacaq.

Xəbər 1141 dəfə oxundu.