Sərbəst güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub | |
Sentyabrın 14-də Gənclər və İdman Nazirliyində 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə bürünc mükafatçısı, dünya çempionu və Avropa çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə səbəbkarın özü ilə yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə yubilyarın həyatını əks etdirən videoçarx nümayiş olunub. Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov tədbiri açaraq yubilyarın həyat və fəaliyyətindən danışıb, qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Yubilyarı gənclər və idman naziri Azad Rəhimovun adından təbrik edən İsmayıl İsmayılov deyib: “Azərbaycan güləşinin əsasını təşkil edən insanlardan birinin yubileyində iştirak edirik. Güləş xalqımız tərəfindən sevilən idman növüdür. Aydın müəllim dünya və Avropa çempionatının qalibidir. O, həmçinin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün də Azərbaycan güləşi sağlam təməl üzərində dayandığı üçün davamlı uğurlar əldə olunur. Bizim Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya mükafatçılarımız, dünya və Avropa çempionlarımız var”. Ç.Hüseynzadə A.İbrahimovun keçdiyi həyat yolundan söhbət açıb, onun karyerasında qazandığı uğurları vurğulayıb: “1964-cü il Yay Olimpiya Oyunlarında Azərbaycandan olan idmançılar altı medal qazanmışdılar. Onlardan birini də Aydın müəllim əldə etmişdi. Yubilyar bu gün də Azərbaycan idmanına öz töhfəsini verə bilər. Güləşçilərimizin onun tövsiyələrinə ehtiyacı var”. Digər çıxış edənlər də A.İbrahimovu Azərbaycan güləş tarixinin ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə ediblər. Yubilyarın nailiyyətlərindən söhbət açan natiqlər ona təbriklərini çatdırıblar. Çıxışlardan sonra yubilyara hədiyyələr təqdim edilib. Yekunda A.İbrahimov çıxış edərək deyib: “Özüm də bilirəm ki, yaxşı güləşmişəm. Amma danışmaqda bir az çətinlik çəkirəm. Dövlət güclü olanda onun idmanı da güclü olur. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmana göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Onlar idmanımızı dünyada belə yüksək səviyyəyə gətiriblər. Bütün medallarımı, mükafatlarımı Milli Olimpiya Komitəsinə hədiyyə edirəm”. Qeyd edək ki, A.İbrahimov 1938-ci il sentyabrın 17-də Gəncə şəhərində dünyaya gəlib. O, 1963-cü il də güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb, 1966-cı il Avropa çempionatının qalibi və “Tokio-1964”ün bürünc medalçısıdır. Yubilyar 1988-1997-ci illərdə rəhbərlik etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub və sonra daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb. O, həmçinin iki dəfə Azərbaycan kubokunun qalibi olub. |
|
Xəbər 699 dəfə oxundu. |
|
|