Azərbaycan-Kosovo oyunu ərəfəsində milli komandamızın baş məşqçisi və üzvləri mətbuat konfransı keçiriblər | |
UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Kosovo oyunu ərəfəsində milli komandamızın baş məşqçisi Qurban Qurbanovun, yığmanın üzvləri Kamran Ağayevin və Qara Qarayevin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşən Qurban Qurbanov deyib: “Uzun müddətdən sonra ilk rəsmi oyunumuz olacaq. Bir neçə gündür ki, komanda ilə birlikdəyik və rəqibi təhlil edirik. Hazırlığı pis keçməmişik. Futbolçular istəklidir, hər biri yaxşı oyun göstərməyə çalışacaq. Rəqibin oyunlarına baxıb təhlil etmişik. İnanıram ki, sentyabrın 6-da azarkeşlərimizi məzmunlu futbolla sevindirə biləcəyik”. Komandanın qapıçısı Kamran Ağayev qeyd edib: “Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz öz oyunumuzu düşünürük. Rəqib komanda haqqında məlumatım var və futbolçuları təhlil etmişik. Bizə verilən göstərişi komanda halında düzgün yerinə yetirsək, yaxşı nəticə əldə edə bilərik. Əsas özümüzə inanmalıyıq. İnşallah, uğurlu nəticə qazanacağıq”. UEFA Millətlər Liqasının digər turnirlərdən fərqləndiyini vurğulayan yığmamızın müdafiəçisi Qara Qarayev bildirib: “Bu turnirin sonu bizim üçün çox faydalı ola bilər. Rəqibin potensialına bələdik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu turnirdə bütün futbolçularımızda həyəcan var. Bu dəfə hər şey tamamilə fərqlidir. Azarkeşlərin bu turnirdə komandadan yaxşı nəticə gözləməsi bizim üçün böyük motivasiyadır və mən onları həmişə daha çox dəstək olmağa çağırıram. Oyunda da ən çox ehtiyac duyduğumuz azarkeşlərimizin dəstəyidir”. |
|
Xəbər 977 dəfə oxundu. |
|
|