“Sinkfild kuboku” turnirində 3 qrossmeyster qalib gəlib
Sent-Luisdə “Grand Chess Tour” turnirinin dördüncü mərhələsi olan “Sinkfild kuboku” uğrunda yarışın son turu keçirilib.

9-cu turda ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsenin rəqibi amerikalı Hikaru Nakamura olub. Karlsen 97-ci gedişdə top endşpilində artıq piyadasını reallaşdıraraq qalib gəlib. Ermənistan nümayəndəsi Levon Aronyan ağ fiqurlarla rusiyalı Aleksandr Qrişşuka qalib gəlib. Hindistanlı Vişvanatan Anand ilə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun, rusiyalı Sergey Karyakin ilə fransız Maksim Vaşye-Laqravın, habelə Amerika təmsilçiləri Uesli So ilə Fabiano Karuananın oyunu sülhlə başa çatıb.

Beləliklə, hər biri 9 mümkün xaldan 5,5 xal toplamış 3 iştirakçı – Maqnus Karlsen, Fabiano Karuana və Levon Aronyan 1-3-cü yerləri bölüşüblər. 5 xal toplamış Şəhriyar Məmmədyarov, 4-cü yeri, hərəsi 4,5 xal toplamış Aleksandr Qrişşuk, Vişvanatan Anand və Maksim Vaşye-Laqrav 5-7-ci yerləri, aktivində 4 xal olan Uesli So 8-ci yeri tutub. Hikaru Nakamura və Sergey Karyakin hərəyə 3 xal toplayaraq turnir cədvəlində sonuncu iki yeri bölüşüblər.

Turnirin əsasnaməsinə görə birinci yeri iki iştirakçı arasında bölmək lazım gəldikdə qalibi müəyyən etmək üçün tay-breyk keçirilməlidir (bu halda seriyanın zaçot xalları yarı bölünür). Lakin indiki halda 3 iştirakçının əlavə göstəriciləri də eyni olub. Əsasnaməyə görə bu halda matç-turnir keçirilməsi nəzərdə tutulmayıb. İştirakçılar, təşkilatçılar və baş hakim arasında uzun-uzadı danışıqlardan sonra əlavə matçlar keçirməmək və onların hər üçünü qalib hesab etmək qərara alınıb.

Seriyanın final turnirinə 4-cü vəsiqənin sahibini müəyyən etmək üçün bu gün Sent-Luisdə Maksim Vaşye-Laqrav ilə Uesli So arasında əlavə matç keçiriləcək. Seriyanın ümumi zaçotunda bu şahmatçıların hərəsinin 26 xalı var.

Seriyanın yekun cədvəlində sonrakı yerləri Sergey Karyakin (25,5 xal), Şəhriyar Məmmədyarov (25 xal), Aleksandr Qrişşuk (18 xal) və Vişvanatan Anand (15 xal) tutur.

Xəbər 962 dəfə oxundu.