Topaz Premyer Liqası: “Sumqayıt” son dəqiqlərdə vurduğu qolla məğlubiyyətdən xilas olub | |
Avqustun 25-də Topaz Premyer Liqasının üçüncü turuna “Qəbələ” – “Sumqayıt” oyunu ilə start verilib. Qəbələ şəhər stadionunda keçirilən görüşdə hesabı meydan sahiblər açıblar. Belə ki, Sabiyen Lilay qapıçı ilə təkbətək çıxarkən sumqayıtlıların kapitanı hücumçunun qarşısını qaydaları pozmaqla alıb. Bu epizod oyunun baş hakimi Rəvan Həmzəzadənin gözündən qaçmayıb. Təmkin Xəlilzadə onbirmetrlik zərbəni qola çevirib – 1:0. Birinci hissə bu hesabla başa çatıb. Qarşılaşmanın ikinci hissəsinin 76-cı dəqiqəsində Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Matçın əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə Nazim Süleymanovun yetirmələri hesabı bərabərləşdiriblər. Şəhriyar Əliyevin sağ cinahdan ötürməsini Yusif Nəbiyev dəqiq baş zərbəsi ilə baxımlı qolla tamamlayıb – 1:1. Qalan dəqiqələrdə hər iki komandanın təhlükəli vəziyyətlərinə baxmayaraq hesab dəyişməyib. Qeyd edək ki, bu komandalar indiyə qədər milli çempionatlarda 24 dəfə qarşılaşıb. Bunlardan 16-da “Qəbələ”, 2-də “Sumqayıt” qalib gəlib. Əyalət komandası bütün matçlarda qol sevinci yaşayıb. “Gənclər şəhəri”nin təmsilçisi son 4 oyunda xal qazana bilməyib. “Qəbələ” ilk turda “Səbail” klubunu məğlub edib (3:0), ikinci turda isə səfərdə “Neftçi”yə uduzub (2:1). “Sumqayıt” klubu isə ilk turda “Neftçi”yə məğlub olub (2:0), ikinci turda sumqayıtlılar çempionatın debütantı “Sabah” klubuna böyük hesabla qalib gəlib (4:1). Sentyabrın 15-də Topaz Premyer Liqasının dördüncü turunda “Qəbələ” səfərdə “Əlincə Arena”da “Sabah” klubu ilə, sentyabrın 16-da “Sumqayıt” isə doğma meydanda “Dalğa Arena”da son çempion “Qarabağ” klubu ilə üz-üzə gələcək. |
|
Xəbər 950 dəfə oxundu. |
|
|