Bakı Tennis Akademiyasında ikinci beynəlxalq həmrəylik çempionatı davam edir | |
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatı davam edir. ulun 25-də - çempionatın üçüncü günündə Azərbaycanın iki tennisçisi fərdi yarışlarda mübarizə aparacaq. Hər iki tennisçimizin rəqibləri Qırğızıstan idmançılarıdır. Umayra Həşimova Kseniya Palkina, Alina Qavriş isə Sara Kunakunova ilə qarşılaşacaqlar. Tennisçilərimiz cütlüklərin yarışında da mübarizə aparacaqlar. Qız cütlüklərin yarışında Alina Qavriş-Umayra Həşimova Səudiyyə Ərəbistanından olan Yara Alhaqbani-Arij Fareh, Ülviyyə Süleymanova-Taxmina Aşurmatova (Tacikistan) cütlüyü Selin Lidya Sepkin-Lara Biter (hər ikisi Türkiyə), Züleyxa Səfərova-Anjelika İsayeva (Rusiya) tandemi isə bəhreynli Safa Hajı-Redha Nazlı dueti ilə üz-üzə gələcəklər. Oğlanların mübarizəsində isə Azərbaycan cütlüyü Orxan Manaflı-Rəsul Qocayev iraqlı tennisçilər Ali Casim Davud Saud və Adil Mustafa Abdulkerim Al-Saedi ilə qarşılaşacaq. İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar. Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir. Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar. Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, "BİR" Tələbə Könüllü Təşkilatı, İdman Azərbaycan kanalı, "Coca-Cola" və "Toyota" şirkətləridir. |
|
Xəbər 1577 dəfə oxundu. |
|
|