Azərbaycan Premyer Liqasının XXIX turu ölkə çempionunun adına aydınlıq gətirə bilər
Azərbaycan Premyer Liqasının XXIX turu ölkə çempionunun adına aydınlıq gətirə bilər. XXVIII turun nəticələrindən sonra ən yaxın izləyicisi ilə xal fərqini 10-a çatdıran “Neftçi” ötənilki ssenarinin təkrarlanmasına şərait yaradıb.

2010/11 mövsümündə XXIX turun AZAL-la səfər oyununda qalib gələn “Neftçi” sona 3 tur qalmış çempionluğu təmin etmişdi. Düzdür, həmin səfərdə bayram olunan çempionluqdan sonra uğursuzluq zolağına düşən bakılılar ardıcıl qələbəsiz oyunlar seriyası yaşadı.

1 il sonra “Neftçi” yenə XXIX turda, yenə səfərdə çempionluğunu bayram edə bilər. Lakin bu dəfə rəqib AZAL yox, prinsipial rəqib “Xəzər Lənkəran”dır. “Böyük oyun”da çempion olmaq üçün hər şey “Neftçi”nin özündən asılıdır. Lakin bakılılar istədikləri nəticəni əldə edə bilməsə digər 2 qarşılaşmanın nəticəsindən asılı olacaq.

Aprelin 22-də baş tutacaq digər 2 oyunda isə “Qarabağ” “Bakı”nı, “İnter” “Qəbələ”ni qəbul edəcək. Böyük ehtimalla Lənkərandakı görüş saat baxımından daha gec başlayacaq. Bu isə o deməkdir ki, “Neftçi” çempion olmaq üçün ona nə lazım olduğunu bilərək meydana çıxacaq. Hətta ola bilər ki, aşağıda qeyd olunan III bənd gerçəkləşəndən sonra meydana çıxmalı olacağı halda Lənkəran stadionuna çempion kimi qədəm basacaq.

1. “Neftçi” “Xəzər Lənkəran”a qalib gələrsə...
...digər oyunların nəticəsindən asılı olmayaraq “Neftçi” çempionluğunu Lənkəranda bayram edəcək.

2. “Neftçi” “Xəzər Lənkəran”la heç-heçə edərsə...
... “Qarabağ” və “İnter”in qələbə qazanmaması sayəsində çempion olacaq. Əgər çempionluğa nəzəri şanslarını sayan komandalar heç-heçə edərsə, ya da məğlub olarsa “ağ-qaralar” Lənkəranda çempionluq mahsını oxuyacaq.

3. “Neftçi” “Xəzər Lənkəran”a uduzsa belə...
...“Xəzər Lənkəran” azarkeşləri “Neftçi” üzərində qələbəni bayram etdiyi vaxtda bakılılar çempionluq sevincinə bürünə bilər. Bunun üçün “Qarabağ”ın xal, “İnter”in qələbə qazanmaması lazımdır. Ağdamlılar uduzacağı halda, “bankirlər” isə ya heç-heçə edib, ya uduzacağı halda çempion məlum olacaq.

Xəbər 1116 dəfə oxundu.