London olimpiadasına 31-ci lisenziya qazanıldı
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası London Olimpiadasına daha bir lisenziyanı təmin edib. İdman.com.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış edən qadın atletlərimiz bu uğura yetişiblər.

Lisenziya yarışında bütün rəqiblərini üstələyən yığmamız komanda hesabında 1-ci pilləni tutaraq, Londona 1 vəsiqə qazanıblar. Bu, sözü gedən idman növündə 6-cı lisenziyası olub. Ötən ilin noyabr ayında Parisdə ktəşkil edilmiş dünya çempionatında kişilərdən ibarət ağır atletika yığmamız London olimpiadasına 5 vəsiqə əldə etmişdi.

Antalyada yığmamızın heyətində Boyanka Kostova (58 kq) qızıl, Silviya Angelova (48 kq) və Yuliya Dovqal (+75 kq) bürünc medala yiyələniblər. Daha bir idmançımız – Alyona Kiriyenko 69 kq çəki dərəcəsində ümumi hesabda 9-cu olub. Yarışda kişilərdən ibarət millimiz 2 qızıl medal qazansa da, reqlamentə əsasən çempionat bizim üçün lisenziya xarakteri daşımayıb.
Beləliklə, yığmamızın London-2012-də lisenziyalarının sayı 31-ə çatıb.

Xəbər 1361 dəfə oxundu.