Azərbaycanlı basketbol məşqçilərinə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub
İyulun 6-da Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün texniki təlim kursunun iştirakçılarının təltifetmə mərasimi keçirilib.

Məşğələlər Beynəlxalq Basketbol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Rajko Toroman tərəfindən aparılıb. Təlim nəzəri və praktiki məşğələlərdən ibarət olub.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, komitə artıq altıncı dəfədir məşqçilər üçün tədbirlər keçirir. Bundan əvvəl voleybol, velosiped idman növləri üzrə keçirilmiş kurslar uğurla başa çatıb. Belə seminarların paytaxtımızda keçirilməsi çox sevindirici haldır. İnanıram ki, bu seminarlar iştirakçılar üçün böyük əhəmiyyət daşıyacaq. Bu mütəxəssislər gələcəkdə bu sertifikatlarla ölkəmizi layiqincə təmsil edəcəklər.

Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Həsənağa Rzayev iştirakçılara uğurlar arzulayaraq deyib: “Sevinirəm ki, məşqçilərimiz bu seminarda uğurla iştirak edirlər. Ölkəmizdə bu cür seminarları keçirmək üçün hər cür şərait var. Hər zaman federasiyamıza dəstək olan MOK-a təşəkkür edirəm”.

Beynəlxalq Basketbol Federasiyasının eksperti Rajko Toroman bildirib: “Təlim zamanı Azərbaycanda gənclərin idmana marağının şahid oldum. Məşqçilər təlimdə əzmlə çalışır, bilik və bacarıqlarını inkişaf etdiriblər. İnanıram ki, gələcəkdə onlar yüksək dərəcəli mütəxəssislər olacaq və öz biliklərini idmançılara öyrədəcəklər”.

Layihəyə ümumilikdə 20 məşqçi cəlb olunub. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikatlar təqdim edilib.

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Basketbol Federasiyası və MOK-un dəstəyi ilə keçirilən layihənin məqsədi beynəlxalq dərəcəli basketbol məşqçilərinin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərinin genişləndirilməsi olub.

Xəbər 1543 dəfə oxundu.