BMX üzrə dünya çempionatının üçüncü günündə yeniyetmə idmançılar arasında qaliblər müəyyənləşib
İyunun 7-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında yeniyetmə oğlanların və qızların yarışlarında qaliblər müəyyənləşib.

13 yaşlı oğlanların mübarizəsində avstraliyalı Tomas Tuker çempion adını qazanıb. Danimarkalı Hyalt Beç Feldt ikinci, fransalı Leo Akkord üçüncü pillədə qərarlaşıblar.

On dörd yaşlı oğlanların yarışında Avstraliya velosipedçisi Cordan Kallum birinci, Belçika idmançısı Vannes Maqdeliyns ikinci, ekvadorlu Pedro Xose Benalkazar Querrero üçüncü pillənin sahibi olublar.

Argentinalı Qianni Antonio Daddona 15 yaşlı velosipedçilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliyalı Tommaso Qasparoli və niderlandlı Tim Qussens ilk üçlüyü tamamlayıblar.

Çempionatda 16 yaşlılar arasında Fransa idmançısı Tatyan Lui Hin Tsan bütün rəqiblərini qabaqlayıb. Latviyalı Niks Rozukalns yarışı ikinci, Yeni Zelandiya idmançısı Tasman Vakelin üçüncü yerdə başa vurublar.

On üç yaşlı qızların mübarizəsində Yeni Zelandiya idmançısı Leila Valker fərqlənib. Niderland velosipedçisi Lissi Van Şiyndel ikinci, çexiyalı Sabina Kosarkova üçüncü yeri tutublar.

Avstraliyalı Kira Hill 14 yaşlı qızlar arasında birinci pilləyə yüksəlib. Böyük Britaniya idmançıları Emma Ceffers və Cennifer Rozenmuller ilk üçlükdə qərarlaşıblar.

Mundialda 15 yaşlı qızların yarışında britaniyalı Lauren Anyon dünya çempionu adına sahib olub. Fransa velosipedçiləri Mariana Beltrando və Kapuçina Favre müvafiq olaraq ikinci və üçüncü pillədə yer alıblar.

On altı yaşlı qızların mübarizəsində isə İsveçrə idmançısı Nadine Aeberhard birinci yeri tutaraq ölkəsinin aktivinə qızıl medal yazdırıb. Argentinalı Aqustina Kavalli ikinci yerlə kifayətlənməli olub. Belçikalı Marte Qusens isə üçüncü yerdə qərarlaşıb.


Xəbər 1113 dəfə oxundu.