İsveç millisi ardıcıl iki il hokkey üzrə dünya çempionu olub
Danimarkanın Kopenhagen və Herninq şəhərlərinin ev sahibliyi etdiyi hokkey üzrə dünya çempionatında 16 komanda birincilik uğrunda mübarizə aparıb.

82-ci dəfə təşkil olunan mundialın qızıl medalı uğrunda görüşdə İsveç və İsveçrə yığmaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Overtaymda da komandalar fərqlənmədiyindən qalib bullit seriyasında müəyyənləşib. Bullit seriyasında Filip Frisberq fərqlənməklə İsveç millisinə 3:2 hesablı qələbə qazandırıb və komanda dünya çempionatının qızıl medalına sahib olub.

Bürünc medal uğrunda görüşdə ABŞ və Kanada yığmaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən ABŞ hokkeyçiləri dünya çempionatının bürünc medalına sahib olublar. Çempionatın favoritlərindən hesab olunan ABŞ yığması 2015-ci ildən indiyədək ilk dəfədir mükafatçılar sırasında yer alıb. Kanada yığması isə əksinə son üç ildə ilk dəfədir ki, çempionatı mükafatsız tərk edib. Ötən üç dünya çempionatında Kanada millisi iki dəfə qızıl, bir dəfə gümüş medal qazanıb.

ABŞ millisinin hücumçusu Patrik Keyn dünya çempionatının rekordunu yeniləyib. Belə ki, hokkeyçi keçirdiyi 10 oyundan 20 xal toplayıb. Əvvələr bu rekord kanadalı Deni Hitliyə məxsus olub.

Qeyd edək ki, ötən il Almaniya və Fransanın birgə ev sahibliyi etdiyi dünya çempionatının da qalibi İsveç hokkeyçiləri olublar. Növbəti dünya çempionatı gələn il mayın 10-dan 26-dək Slovakiyada təşkil olunacaq.

Xəbər 851 dəfə oxundu.