“Bakı Marafonu-2018”də qeydiyyat mayın 12-dək uzadılıb | |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək “Bakı Marafonu-2018”də qeydiyyat prosesi uzadılıb. Marafonda iştirak etmək istəyən 16 yaşdan yuxarı hər bir şəxs mayın 12-si saat 14:00-dək qeydiyyat məntəqələrinə və marafonun rəsmi saytına (www.baku.marathon.az) müraciət edə bilər. Qeydiyyat məntəqələrinin ünvanı: • “28 Mall” • “Gənclik Mall” • “Port Baku Mall” Qeydiyyat zamanı iştirakçı formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, eyni zamanda, tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır. • Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. • Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. • Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından tələbələr qeydiyyat zamanı heç bir ödəniş etmir. “Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Mayın 13-də keçiriləcək marafonun fəxri iştirakçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən bir sıra tanınmış şəxslər var. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir. “Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. |
|
Xəbər 634 dəfə oxundu. |
|
|