“Xəzər Lənkəran”ın başı dərddə
Ali futbol qurumu FİFA “Xəzər Lənkəran” klubunu cəzalandıra bilər. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, buna səbəb cənub təmsilçisinin 2008/09 mövsümündə transfer etdiyi braziliyalı yarımmüdafiəçi Romulo Silvano ilə arasında yaranan problemdir.

Belə ki, Romulo “ağ-yaşıllar”dan ayrıldıqdan sonra maliyyə məsələsini əsas gətirib FİFA-ya şikayət etmişdi. Ali futbol qurumu isə braziliyalının şikayətinə baxıb, futbolçunun borcunun ödənilməsinin vacibliyini bildirmişdi.

“Xəzər Lənkəran” həmin məbləği ödəsə də, FİFA cəza kimi “ağ-yaşıllar”ın hesabından 6 xal silinməsini istəyir.

Klub rəsmiləri apasport.az saytına açıqlamasında xəbəri təsdiqləyiblər. Bildirilir ki, Romulonun borcu çoxdan ödənilib. Bununla belə, komandanın hesabından xal silinib-silinməyəcəyi hələlik dəqiq deyil.

Bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək.

Qeyd edək ki, Lənkəran klubu 27 oyundan 51 xalla hazırda turnir cədvəlində 2-ci yerdədir. Həmin 6 xal silinərsə, komanda 45 xalla 4-cü pilləyə düşəcək və demək olar çempionluq şansını itirəcək.

Xəbər 1047 dəfə oxundu.