Bakıda birinci Türk Universiadasının açılış mərasimi olub | |
Aprelin 6-da Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının (Türk Universiadası) təntənəli açılış mərasimi olub. Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türk Şurasının baş katibi Ramil Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatları, diplomatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri barədə məlumat verilib. Azərbaycanın milli musiqi alətləri və xalq rəqslərinin müşayiəti ilə davam edən mərasim zamanı respublikamızın görməli yerləri nümayiş etdirilib. Türk dünyasının birliyindən danışan gənclər və idman naziri Azad Rəhimov türkdilli ölkələrin beynəlxalq arenada həmişə biri-birilərinə dəstək olduqlarını vurğulayıb. Diqqətə çatdırıb ki, biz eyni dilə, eyni dinə malik xalqlarıq. Ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyev türkdilli ölkələrlə əməkdaşlığı həmişə diqqət mərkəzində saxlayır. Dostluğun və qardaşlığın nəticəsində XXI əsr türk dövlətləri əsri olmalıdır. “Diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər. Türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması vacib məsələlərdəndir”, - deyə nazir əlavə edib. Türk Şurasının baş katibi Ramil Həsənov yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, birinci Türk Universiadasının Azərbaycanda təşkil olunması çox sevindirici haldır. Universiada növbəti illərdə də təşkil olunacaq və iştirakçıların sayı artacaq. İdman dostluğu tərənnüm edir. Bu yarış yeni dostluqların yaranmasına imkan verəcək. Sonda Azərbaycanın dövlət himni səsləndirilib. Açılış mərasimi başa çatdıqdan sonra güləş yarışları təşkil olunub. Aprelin 10-dək davam edəcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları 7 idman növü – futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışacaqlar. |
|
Xəbər 1695 dəfə oxundu. |
|
|