“Baku stars” voleybol komandası birinci liqa yarışlarının qalibi olub
Qadın voleybolçular arasında Azərbaycan çempionatının birinci liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.

9 komandanın iştirakı ilə təşkil olunan yarışın qalibi adını “Baku stars” qazanıb. Belə ki, yığmanın sabiq üzvlərindən Alla Həsənova, Yelena Parxomenko və Şəfəq Kərimovanın yer aldığı komanda finalda “İqtisadçı” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın taleyinə tay-brekdə aydınlıq gəlib. Daha təcrübəli voleybolçulardan təşkil olunan “Baku stars” 3:2 hesabı ilə qalib gəlib və yarışın qızıl medallarına yiyələnib.

Üçüncü yer uğrunda qarşılaşma da gərgin alınıb. “Azərreyl-2”- “Dəmiryolçu” matçında ikincilər daha dəqiq oynayıblar. Onlar debüt mövsümündəcə birinci liqanın bürünc medallarına sahib olublar.

Beləliklə, 4 ay davam edən çempionatda ilk üçlüyü müvafiq olaraq, “Baku stars”, “İqtisadçı” və “Dəmiryolçu” tutub.

Mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Vəsilə Abulova və veteran idmançı Elmira Ağakişiyeva iştirak ediblər.

Xəbər 1087 dəfə oxundu.