AFFA-nın təşkilatçılığı ilə Cocuq Mərcanlıda “Cəsur ürəklər” festivalı keçirilib
AFFA-nın təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Cəsur ürəklər” adlı festival keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Layihə çərçivəsində üç gün ərzində Cocuq Mərcanlıda fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncə tədbirləri təşkil olunub.

Festivalda 200-ə yaxın uşaq və yeniyetmə iştirak edib. Bundan əlavə, üç ayda bir dəfə olmaq şərti ilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim ediləcək. Həmçinin Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunacaq. İnşaat xərclərini AFFA-nın irəli sürdüyü layihəni müsbət dəyərləndirən UEFA Uşaq Fondu ödəyəcək.

AFFA-nın ötən ilin sonunda irəli sürdüyü “Cəsur ürəklər” layihəsi UEFA-nın Uşaq Fondu tərəfindən təsdiq olunub.

Xəbər 1166 dəfə oxundu.