FHN-in əməkdaşları arasında keçirilən stolüstü tennis çempionatına yekun vurulub | |
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında keçirilən stolüstü tennis çempionatına yekun vurulub. Nazirliyin İdman-Sağlamlıq Klubunun və həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində təşkil edilən yarışda 19 komandanın heyətində 100-ə yaxın əməkdaş mübarizə aparıb. İki gün davam edən çempionatda həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyənləşib. Komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayıb. Gümüş medallara Xüsusi Riskli Xilasetmə Xidməti sahib olub. İlk üçlüyü Dövlət Yanğından Xilasetmə Xidmətinin üzvləri tamamlayıblar. Şəxsi yarışda çempion adına Mövlan Xəlilov (Şimal-Qərb Regional Mərkəzi) yiyələnib. O, finalda Sakit Quliyevi (Dövlət Yanğından Xilasetmə Xidməti) 2:1 hesabı ilə məğlub edib. Üçüncü pilləni isə Faiq Nəcəfi (FHN-nin Akademiyası) tutub. FHN-nin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev və həmkarlar ittifaqının sədri Mehman İsmayılov fərqlənən idmançılara uğurlar arzulayıb, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Turnirdə fərqlənənlər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. |
|
Xəbər 1342 dəfə oxundu. |
|
|