Azərbaycan karateçiləri Avropa çempionatında medalların sayını dördə çatdırıblar | |
Azərbaycan karateçiləri yeniyetmə və gənclərin Avropa çempionatında medalların sayını dördə çatdırıblar. Rusiyanın Soçi şəhərində yeniyetmə və gənclərin Avropa çempionatının ikinci günündə 16-18 yaşlı gənclər üzrə seçmə komandanın üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb. Daha bir idmançımız isə çempionluğunu son saniyədə əldən verib. Rusiyalı idmançı ilə final görüşündə müəmmalı xal itkisi Mədinə Sadıqovaya gənc karyerasının ilk gümüş medalını qazandırıb. Fevralın 3-də, həmçinin qitə çempionatının təntənəli açılış mərasimi keçirilib. Turnirin təşkilatçıları və EKF rəsmiləri çıxış edərək idmançılara uğurlar arzulayıb, Olimpiya idman növü olduqdan sonra karatenin dünyada daha da populyarlaşmasını xüsusi vurğulayıblar. Çıxışlardan sonra rəsmi tədbir bədii hissə və yarışın final görüşləri ilə davam edib. Hələlik ümumi nəticədə 3 qızıl və 1 gümüş medalla Azərbaycan mükafat qazana bilən 28 ölkə arasında 5-ci yeri tutub. Daha 8 idmançımız yarışın son günü – fevralın 4-də mübarizəyə qoşulacaq. 18-20 yaşlı gənclər arasında kumite yarışlarında Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyeva (+67 kq) tatamiyə çıxacaqlar. Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir. |
|
Xəbər 1175 dəfə oxundu. |
|
|