Atletika üzrə Antipov memorialının açılış mərasimi olub | |
Əməkdar Məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə X beynəlxalq memorialın açılış mərasimi keçirilib. Respublika Olimpiya Mərkəzində keçirilən yarışda Azərbaycandan, Rusiyadan və Gürcüstandan idmançılar iştirak edirlər. Turnirdə 1999-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparırlar. Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov Aleksandr Antipovun idmanın inkişafında xidmətlərindən danışıb: “Bu gün A.Antipovun xatirəsinə həsr edilmiş sayca 10-cu memorial keçirilir. Onun Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında mühüm xidmətləri var. Bu yarış atletikanın inkişafına töhfə verəcək”. Rusiya Federasiyasının Saxa (Yakutika) Respublikasının milli idman növləri mərkəzinin direktoru İnnakenti Qriqoryev qeyd edib ki, belə mötəbər yarışların keçirilməsi xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və idmanın inkişafında mühüm rol oynayır. İ.Qriqoryev Aleksandr Antipovun oğlu Sergeyə və SSRİ çempionu Mamed Axundova mükafatlar təqdim edib. Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Atletika İdman Klubunun prezidenti Sergey Antipov Rusiya ilə Azərbaycan arasında idman əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif olunub. Tədbirdə Əməkdar İdman Ustası Mamed Axundov da döş nişanı ilə təltif edilib. Mərasimdə qeyd olunub ki, Aleksis Kapello və Hayle İbrahimov qış idman növləri üzrə dünya çempionatına vəsiqə qazanıblar. Həmçinin Nazim Babayev, Hanna Skidan, Hayle İbrahimov, Aleksis Kapello, Evans Kiploqat Berlində keçiriləcək Avropa çempionatında iştirak hüququ əldə ediblər. Bundan başqa, Rustəm Məmmədov, Yelena Pextriyeva, Lamiyə Vəliyeva Qyor şəhərində keçiriləcək və Yeniyetmələrin Yay Olimpiadasına lisenziya xarakterli Avropa çempionatında mübarizə aparacaqlar. Açılış mərasimindən sonra turnirə start verilib. Atletika üzrə Antipov memorialı fevralın 3-dək davam edəcək. |
|
Xəbər 1364 dəfə oxundu. |
|
|