Badminton üzrə Azərbaycan millisi Avropa çempionatına altı idmançı ilə qatılacaq | |
Fevralın 13-18-də Rusiyanın Kazan şəhərində badminton üzrə Avropa çempionatı keçiriləcək. Qitə çempionatında kişilərdən ibarət milli komandamız da iştirak edəcək. Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətində Orxan Qələndərov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov, Ezmi Qovimuramodhoni və Edi Rezki Diviçayo iştirak edəcəklər. Çempionatın reqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ikinci yerin sahibi olan bir komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Badmintonçularımız Avropa çempionatı öncəsi fevralın 5-8-də İranın Zəncan şəhərində keçiriləcək beynəlxalq “Fəcr” turnirində iştirak edəcəklər. Şəxsi xarakter daşıyan turnir Avropa çempionatına hazırlıq xarakteri daşıyır. “Fəcr” turnirinin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Ölkəmizi turnirdə Orxan Qələndərov, Kənan Rzayev, Səbuhi Hüseynov, Cahid Əlhəsənov və Teymur Abbasov təmsil edəcəklər. Komandamız “Fəcr” turnirinə baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında yollanacaq. |
|
Xəbər 1111 dəfə oxundu. |
|
|