Şəhriyar Məmmədyarov: iddiaçıların turnirinə hazırlıq üçün bir ay kifayətdir
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov mart ayında Almaniyada keçiriləcək iddiaçıların turnirinə uzun hazırlığa gərək olmadığı, bunun üçün bir ayın da kifayət edəcəyi fikrindədir.

Şahmatçımız bunu Veyk-an-Zee şəhərində (Niderland) keçirilən və özünün də iştirak etdiyi dünyanın mötəbər şahmat turnirlərindən biri olan “Tata Steel Chess”in rəsmi saytına müsahibəsində bəyan edib.

Ş.Məmmədyarovun sözlərinə görə, adətən, heç kim turnirdən əvvəl öz sirlərini açmaq istəmir, lakin Hollandiyada o, artıq bir neçə sürprizlə qarşılaşıb.

“Üçüncü turda keçirilən partiyada Maksim Matlakov məni öz oyunu ilə təəccübləndirdi. Mən mürəkkəb vəziyyətə düşdüm və bu vəziyyətdən çıxmaq üçün dəqiq gedişlər etmək lazım gəlirdi. Partiya heç-heçə ilə nəticələndi. Ümumilikdə, hələ ki, işlər pis getmir, mənim aktivimdə iki mümkün xaldan 1,5 xal var”, - deyə Şəhriyar Məmmədyarov iki partiyanın yekunlarına görə qazanılan xallardan danışıb. Rusiyalı Maksim Matlakovla heç-heçə ona yalnız əlavə yarım xal qazandırıb, 2016-cı il dünya şahmat tacı uğrunda turnirin iştirakçısı Sergey Karyakinlə yanvarın 16-da başa çatmış növbəti partiyada isə daha yarım xal əldə edilib.

Beləliklə, beş turdan sonra azərbaycanlı şahmatçı beş mümkün xaldan 3,5 xal toplayıb və dördüncü yeri tutur.

Onun iddiaçıların turnirindən əvvəl bir neçə aylıq məşqlərdən imtina etməsi isə bu prosesin qeyri-effektiv olması ilə əlaqədardır. Şahmatçı hazırlığa cəmi bir ay vaxt sərf etməyi planlaşdırır.

“Mən ilk dəfə 2011-ci ildə Kazanda yarışda iştirak etmişəm və həmin vaxt ilk turda Boris Qelfanda uduzdum. Start oyununa təxminən altı ay hazırlaşdım və elə başlanğıcdaca məğlub oldum. Ona görə də düşünürəm ki, indi uzun müddət hazırlaşmağın mənası yoxdur. Bir ay tamamilə kifayətdir. Veyk-an-Zee turnirindən sonra Berlinədək qalan müddətdə bütün vaxtımı bilavasitə hazırlığa sərf edəcəyəm. Ola bilər ki, bir neçə yoxlama start matçında da iştirak edim”, - deyə Məmmədyarov əlavə edib.

Şahmat üzrə dünya çempionatında iddiaçıların turniri martın 10-dan 28-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək. Azərbaycan qrossmeysteri hələ ötən ilin yayında Cenevrədə Qran-Prinin nəticələrinə görə (daha iki Qran-Pri Şarj və Moskvada keçirilib) iddiaçıların turnirinə vəsiqə qazanıb.

“Qazanılmış uğurların, habelə hazırlıqla bağlı prosesin heç bir sirri yoxdur. Sadəcə, bu, mənim ilim idi və bir çox nailiyyət əldə etdim: iddiaçıların turnirinə vəsiqə qazandım, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin ikinci dəfə qalibi oldum, yığma komandanın tərkibində Avropa Çempionatında qızıl medal qazandım, dünya reytinqində 2800 səviyyəsini aşdım. Bu uğurları davam etdirməyə çalışacağam”, -deyə Şəhriyar Məmmədyarov bildirib.

Bu il 80 illiyi qeyd edilən “Tata Steel Chess” şahmat turniri yanvarın 12-dən 28-dək Veyk-an-Zee şəhərində (Niderland) keçirilir. Turnir 13 turdan ibarətdir və bu çərçivədə bütün şahmatçılar bir-biri ilə qarşılaşır. İştirakçılar arasında şahmat tacının hazırki sahibi, norveçli Maqnus Karlsen, 2016-cı ildə finalda onun rəqibi olmuş rusiyalı Sergey Karyakin, həmçinin Pyotr Svidler və Vladimir Kramnik, hindistanlı Vişvanatan Anand və digər tanınmış qrossmeysterlər var.

Xəbər 1170 dəfə oxundu.