Azərbaycan Cüdo Federasiyasının Masallıda təlim-məşq mərkəzinin açılışı olub
Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda idmanın bu növünün kütləviliyi və inkişaf etdirilməsidir.

Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

ACF-nin rəsmiləri bu dəfə Masallı rayonunda olublar. Əvvəlcə federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub. Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Masallı rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə, ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Cənub bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Xəbər 880 dəfə oxundu.