Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnirinə start verilib
Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnirinə start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak edirlər.

Artıq 50 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşib. Ömər Cavadov toplam 165 kiloqram (75+90) nəticə ilə qızıl medala sahib olub. İkinci yeri 148 kiloqram (68+80) nəticə ilə Əvəz Tağıyev, üçüncü yeri isə 127 kiloqramla (56+71) Heydər Yusifov tutublar.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Xəbər 1602 dəfə oxundu.