Azərbaycan çempionu “Qarabağ” ölkə kuboku uğrunda yarışlarda mübarizəni dayandırıb
Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinin sonuncu cavab oyunu keçirilib. Bununla da bütün yarımfinalçılar müəyyənləşib.

“Keşlə” və “Neftçi”dən sonra “Qəbələ” və “Sumqayıt” komandaları dörddəbir final mərhələsinə yüksəliblər.

“Kapital Bank Arena”da oynanılan görüşdə son çempion və ölkə kubokunun qalibi Ağdamın “Qarabağ” komandası səfərdə “Sumqayıt” klubunun qonağı olub.

Oyun Sumqayıt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 22-ci dəqiqəsində Kamal Mirzəyev dəqiq zərbə ilə hesabı açıb. 90-cı dəqiqədə qapıçı ilə təkbətək qalan Amil Yunanov ikinci topu Ağdam təmsilçisinin qapısından keçirib. Beləliklə, ilk görüşdə Sumqayıt təmsilçisinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu bu üstünlüyünü qoruya bilməyib və iki oyunun nəticəsinə görə kubok uğrunda mübarizəni dayandırıb - 2:3. Sumqayıt komandası isə adını yarımfinala yazdırıb. Növbəti mərhələdə bu komandanın rəqibi “Keşlə” olacaq.

Xatırladaq ki, bu gün keçirilən ilk oyunda “Səbail” klubundan üstün olan “Qəbələ” komandası iki görüşün nəticəsinə görə yarımfinala vəsiqəni təmin edib.

Yarımfinalda “Qəbələ”nin rəqibi “Neftçi” komandası olacaq.

Yarımfinal görüşləri aprelin 11-də və 18-də keçiriləcək.

Xəbər 603 dəfə oxundu.