Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub
Dekabrın 15-də Milli Olimpiya Komitəsində (MOK) “İslam həmrəyliyi və ədalətli oyunlar” mövzusunda konfrans və Ədalətli Oyunlar Komissiyasının mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Çingiz Hüseynzadə cari ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Başa çatmaqda olan ilin ölkə idmanı üçün uğurlu olduğunu deyən vitse-prezident 2017-ci ildə iki idmançımızın üçqat dünya çempionu adını qazandığını və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında komanda hesabında birinci yeri tutmasını ən mühüm nailiyyətlər kimi qiymətləndirib.

MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev “İslam həmrəyliyi və ədalətli oyunlar; Azərbaycanda ədalətli oyunlar hərəkatının yaranma tarixi, təbliği və inkişafı” mövzusunda məruzə ilə çıxış edib. X.İsayev məruzəsində ölkəmizdə ədalətli oyunlar hərəkatının inkişafından, bu istiqamətdə həyata keçirilən layihələrdən və ölkə idmanında qazanılan uğurlardan danışıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, idmançılarımızın beynəlxalq arenada ölkəmizi ləyaqətlə təmsil etdiklərini, beynəlxalq idman qurumlarının irimiqyaslı yarışların təşkilini heç bir tərəddüd etmədən ölkəmizə həvalə etdiklərini və qonaqların respublikamızdan xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb.

Sonra mövzu ətrafında məruzələr dinlənilib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov “Ədalət prinsipləri İslam aləminin mədəni, irsi dəyərlərinin tərkib hissəsidir”, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev “İslam həmrəyliyi və ədalət prinsiplərinin təbliğində KİV-lərin rolu”, Milli Paralimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov “İslam həmrəyliyi, ədalət prinsipləri, idmana və cəmiyyətə inteqrasiya” və Azərbaycan Ədalətli Oyunlar Komissiyasının baş katibi Səlhət Abbasova “Din və idman bəşəri mədəniyyətin daşıyıcısı kimi” mövzularında məruzələrlə çıxışlar ediblər.

Tədbir çərçivəsində Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Ədalətli Oyunlar Komissiyasının 2017-cı ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub.

“Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında Azərbaycan Velosiped İdmanı və Güləş federasiyalarının birinci vitse-prezidenti Sahib Ələkbərov mükafatlandırılıb. “Olimpiya dünyası” qəzeti “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, FIFA referisi Əlyar Ağayev “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, Lyudmila Şubina “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyalarında fərqləniblər.

“Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyasında mükafat üçqat dünya çempionu, güləşçi Hacı Əliyevə təqdim olunub. “Ədalətli oyun prinsiplərinə sadiq səfir” nominasiyasında isə Əməkdar Artist Tünzalə Ağayeva qalib elan edilib.

Həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançılarına Beynəlxalq Olimpiya Komitəsinin döş nişanları təqdim olunub.

Xəbər 1973 dəfə oxundu.