Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində iştirak edib | |
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyası konqresdə qurumun prezidenti Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə 126 federasiyanın nümayəndə heyəti iştirak edib. Konqresdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub. Forumun yekununda bir sıra qərarlar qəbul olunub. Qərara əsasən, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında keçiriləcək dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərində olacaq. Qahirə və Zaqreb şəhərləri isə müvafiq olaraq, 2019-cu və 2020-ci ildə keçiriləcək veteran qılıncoynadanların mundialına evsahibliyi edəcək. Tədbir çərçivəsində Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov, Avropa Qılıncoynatma Konfederasiyasının rəhbəri Stanislav Pozdnyak, o cümlədən Ukrayna, Gürcüstan Qılıncoynatma federasiyalarının rəhbər şəxsləri və Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla görüşlər keçirib. Görüşlər zamanı ölkəmizdə qılıncoynatmanın inkişafı, məşqçilər və idmançıların təcrübə yığması üçün əməkdaşlıq perspektivləri, idmançılarımızın beynəlxalq turnirlərdə iştirakı müzakirə olunub. Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov həmvətənimiz İlqar Məmmədovu Rusiya Federasiyasının "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edib. İlqar Məmmədovun bu idman növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən Mikayıl Cabbarov ona məşqçilik fəaliyyətində uğurlar arzulayıb. |
|
Xəbər 1243 dəfə oxundu. |
|
|