İdman Araşdırmalar Mərkəzi müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırıb
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2017” layihəsi çərçivəsində “9 ilə 13” adlı mükafatlandırma mərasimi keçirilib.

Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibinə təqdim edilib.

Tədbirdə çıxış edən İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov bildirib ki, səsvermədə 60 KİV iştirak edib. Seçim zamanı aktivlik müşahidə olunub. Bu il ilk dəfə olaraq ali nominasiya var. Bu, futbol üzrə ilin baş məşqçisi nominasiyasıdır. Bəzi nominasiyalarda, xüsusən, ilin idmançısı və futbolçusu seçimində ciddi rəqabət oldu. Bəzilərində isə aşkar üstünlük müşahidə olundu.

Tədbirin adının “9 ilə 13” olması təsadüfi deyil. Qurban Qurbanov 9 ildir “Qarabağ”ın baş məşqçisidir, çıxış etdiyi klublarda 9 və 13 nömrəli formaları geyinib. Həmçinin tədbir dekabrın 13-də keçirilir və saat 13:00-da start götürüb.

Daha sonra mükafatlar təqdim edilib. Ali nominasiya üzrə İlin məşqçisi – “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov təltif olunub.

Digər nominasiyalar üzrə qaliblər bunlardır: İlin idman xadimi – “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl, ilin idmançısı – sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, ilin əcnəbi idmançısı – “Qarabağ”ın futbolçusu Dino Ndlovu, ilin futbolçusu – “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, ilin komandası (futbol və digər) “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası, ilin baş məşqçisi (digər növlər üzrə) – cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fərhad Məmmədov, ilin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, ilin yazarı – Komanda.az saytının əməkdaşı Elnur Həmidov, ilin idman qurğusu – Bakı Olimpiya Stadionu, ilin idman verilişi - 3-cü hissə, ilin fəal fotoqrafı - Firudin Səlimov, media ilə sıx əməkdaşlığa görə - Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov.

Xəbər 531 dəfə oxundu.