2017-ci il Formula-1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib
2017-ci ildə Bakıda keçirilən Formula-1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və “Paddok Klub”un təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib.

Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixinin ən yaddaqalan hadisələrindən biri olub.

Bakıda təşkil olunan sonuncu yarışda “Red Bull” komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanmışdı. Onu ardıcıl olaraq “Mercedes” və “Williams” komandalarının pilotları Valteri Bottas ilə Lens Stroll izləmişdilər. Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə ilə Formula-1 tarixində debüt ilində podiuma çıxan ən gənc pilot ünvanına məhz bu yarışda yiyələnmişdi.

Bundan başqa, Formula 1-in təkər təchizatçısı “Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran-Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmə edilən yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, Formula-1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. “Red Bull”un pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir.

Qeyd edək ki, 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb.

Xəbər 1648 dəfə oxundu.