Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib
Respublika Velosiped Trekinin inzibati binasında Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransda federasiya nümayəndələri ilə yanaşı, Gənclər və İdman Nazirliyinin nümayəndələri, milli komandanın üzvləri, hakimlər və klub təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən federasiya prezidenti Mirəli Kazımov ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan idman siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən və idmana göstərilən diqqət və qayğıdan söz açıb. O, ötən beş il ərzində federasiya tərəfindən görülmüş işlər, əldə edilmiş uğurlar barədə məlumat verib.

Konfransda federasiyanın baş katibi Zaur Seyidov, vitse-prezident Nizami Mursakulov, rəyasət heyətinin üzvləri Xəyyam Məmmədov, Şəhriyar İsmayılov və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Pərvin Şərifov çıxışlarında federasiyanın ötən illərdə gördüyü işlərdən, gələcək planlardan danışıblar.

Sonra federasiyanın növbəti 4 il üçün yeni rəyasət heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən Mirəli Kazımov federasiyanın prezidenti, Nizami Mursakulov, Pərvin Şərifov və Aleksandr Mişenko vitse-prezident, Zaur Seyidov baş katib, Xəyyam Məmmədov, Tatyana Solovyova, Tərlan Ramazanov, Şəhriyar İsmayılov, Nataliya Əliyeva və Süleyman Əliyev isə rəyasət heyətinin üzvləri seçiliblər.

Konfransın sonunda federasiya rəsmiləri tərəfindən 2017-ci ilin ən yaxşı kişi və qadın idmançılarına diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 558 dəfə oxundu.