Mart ayı Kamanan üçün məhsuldar keçib
Bitməkdə olan mart ayının ən məhsuldar futbolçusu rekordla diqqət çəkib. İdman.com.az saytının məlumatına görə, bu, “Qəbələ”nin hücumçusu Yannik Kamanandır. Fransalı legioner ay ərzində baş tutan çempionatın 5 turunda rəqibləri üçün əsl kabus oldu. XXII turun “Rəvan”la səfər matçında dubla imza atan futbolçu ardınca “Kəpəz”lə təxirə salınan XIX turun Gəncədəki oyununda da meydanı qolsuz tərk etmədi. Final mərhələsinin ilk oyununda “Neftçi”nin darmadağına 2 qolla töhfə verən Kamanan ardınca “Qarabağ”la görüşdə “sussa” da “İnter”in də qapısına qol vurdu.

Bir ay ərzində 6 qol vuran Yannik bununla da həm Unibank Premyer Liqasında martın ən məhsuldar futbolçusu oldu, həm “Ayın futbolçusu” adına əsas namizəd olduğunu ortaya qoydu, həm də rekord vurdu. Belə ki, cari mövsümün oyunları keçirilən 7 ay ərzində heç bir futbolçu aya 6 qol vurmayıb.
Qeyd edək ki, ötən ilin sentyabrında Luis Hilario, oktyabrında isə Deon Barton ay ərzində ən çox qol vuran futbolçular arasında olub. Lakin həmin vaxt əvvəl 10, sonra 7 futbolçu eyni sayda qolla liderlik edib.

Xəbər 1253 dəfə oxundu.