“Qəbələ”nin U-11 komandası Türkiyədə ardıcıl beşinci qələbəsini qazanıb
Türkiyədə təşkil olunan “Limra Cup” beynəlxalq turnirində növbəti qarşılaşmalar keçirilib.

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası iki matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Təhsil”lə üz-üzə gəliblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komandamız sonuncu matçını 4 oyunda 12 xal toplayan “Beşiktaş”a qarşı keçirəcək.

Yeddi komandanın iştirak etdiyi turnir dairəvi sistem üzrə təşkil olunub.

Xəbər 714 dəfə oxundu.