Silahlı Qüvvələrin şəxsi heyəti arasında cüdo birinciliyi keçirilib | |
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. Yarışda birlik, birləşmə, hərbi hissələri təmsil edən 100-dək idmançı 7 çəki dərəcəsində mübarizə aparıb. Çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər briqadası idarə edib. Yarışın açılış mərasimi ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin rəisi, polkovnik Sadiq Paşayev çempionatın açılışında çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu qeyd edib. Digər çıxış edənlər bildiriblər ki, hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Ordu idmançıları cüdoya da böyük maraq göstərirlər və hər il davamlı yarışlar keçirilir, eləcə də idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edirlər. Beynəlxalq dərəcəli hakim Fariz Hüseynov cüdo idman növü və yarışın qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib. Silahlı Qüvvələrin cüdo birinciliyində iştirak edən 13 komanda arasında “Şəmkir”, “Beyləqan” və “Bakı” kollektivləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Cüdoçulardan Natiq Qurbanlı (60 kq), Tural Muradov (66 kq), Çingiz Əhmədov (73 kq), Vasif Talıbov (81 kq), Ruslan Əliyev (90 kq), İslam Abbasov (100 kq) və Tamerlan Əlisultanov (100 kq-dan artıq) Silahlı Qüvvələr birinciliyini qələbə ilə başa vurublar. Sonda qalib idmançı və komandalar medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Birinci yeri tutmuş komandaya keçici kubok təqdim edilib. Azərbaycan Cüdo Federasiyasının bir qrup hakimi Müdafiə Nazirliyinin rəhbərliyi adından mükafatlandırılıb. |
|
Xəbər 810 dəfə oxundu. |
|
|