Dünya Taekvando Federasiyasının yeni reytinq cədvəlində ilk onluqda dörd Azərbaycan taekvandoçusu yer alır
Dünya Taekvando Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Oktyabr üçün tərtib olunan siyahıda yığmamızın dörd taekvandoçusu yer alıb. Aktivində 443,16 xalı olan “Rio-2016” Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionumuz Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ilk sırada yer alır.

Hesabında 472,36 xal olan dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə birincidir.

Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2015”in və İslamiadanın çempionu 212,20 reytinq xalına malik olan Ayxan Tağızadə isə altıncı pillədədir. Millimizin üzvü avqust reytinqi ilə müqayisədə üç pillə irəliləyib.

Qadınlardan ibarət millimizin üzvü Fəridə Əzizova da (67 kq) ilk onluqdadır. Onun aktivində 213,14 reytinq xalı var.

Qeyd edək ki, reytinq xalları Dünya Taekvando Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvando qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.

Xəbər 1313 dəfə oxundu.