UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verilib | |
UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verilib. Turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gəliblər. “E” qrupunda İngiltərə təmsilçisi “Liverpul” Sloveniyada “Maribor”un qonağı olub. Görüş “Liverpul”un 0:7 hesablı qələbəsi ilə başa çatıb. “Spartak Moskva” isə öz meydanında İspaniyanın “Sevilya” klubuna 5:1 hesabı ilə qalib gəlib. “F” qrupunda yer alan “Mançester Siti” doğma meydanda “Napoli”dən üstün olub-2:1. Qrupun digər qarşılaşmasında isə Hollandiya təmsilçisi “Feyenoord” öz meydanında Ukraynanın “Şaxtyor” klubuna 1:2 hesabı ilə məğlub olub. Türkiyə təmsilçisi “Beşiktaş” klubunun da yer aldığı “G” qrupunda da maraqlı nəticələr qeydə alınıb. “Beşiktaş” Fransada “Monako”nun qonağı olub. Görüş Türkiyə təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb. “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya) qarşılamasında isə almaniyalılar 3:2 hesablı qələbəni bayram ediblər. “H” qrupunun favoriti “Real Madrid” isə doğma meydanda “Tottenhem” ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qrupun digər oyununda da bərabərlik qeydə alınıb. APOEL öz meydanında “Borussiya Dortmund” ilə heç-heçə oynayıb - 1:1. Xatırladaq ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun digər oyunları keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İspaniyanın “Atletiko Madrid” klubunu qəbul edəcək. |
|
Xəbər 619 dəfə oxundu. |
|
|