Aprel döyüşlərinin təbliği məqsədilə bir sıra rayonlarda idman turnirlərinin keçirilməsinə başlanılıb
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən bildiriblər ki, Xızı, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında reallaşdırılacaq layihə çərçivəsində kikboksinq turnirinin açılış mərasimi olub.

Yeniyetmə və gənclərin iştirakı ilə keçirilən turnirin açılışından çıxış edən layihə rəhbəri Ramin Mahmudov vurğulayıb ki, məqsəd gənc nəslə aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın igidliklərini təbliğ etməklə onların xatirəsini daim yaşatmaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir. Aprel döyüşlərinin əhəmiyyətindən danışılarkən bildirilib ki, bu şanlı qələbə nəticəsində ərazilərimizin bir qismi – strateji əhəmiyyətə malik Talış və Lələtəpə yüksəklikləri, eləcə də Seysulan məntəqəsi düşməndən azad edilib. Lələtəpənin azad edilməsi nəticəsində Böyük Qayıdışa start verilib və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasına başlanılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cocuq Mərcanlıda infrastrukturun qurulması üçün xeyli vəsait ayrılıb, yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilib.

R.Mahmudov bildirib ki, aprel döyüşləri zamanı göstərdikləri qəhrəmanlığa və igidliyə görə bir qrup hərbçimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara, Samid İmanov isə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Bu döyüşlərdə Şabran rayonunun Zeyvə kənd sakini Babək Abidov, Xızı rayonunun Giləzi qəsəbə sakini Ravil Novruzov, Xaçmaz rayonundan olan Elvin Qayıbov, Elvin Mirzəyev və Əmrah Yüzbəyov, Qusar rayonundan Yalçın Osmanov və Əmiraslan Xeyirbəyovun qəhrəmancasına şəhid olduqlarını bildirən layihə rəhbəri regionlarda keçirilən tədbirlərin həmin şəhidlərin xatirəsinə həsr edildiyini, şəhidlərimizin məzarlarının ziyarət olunacağını vurğulayıb.

Sonra Quba və Xaçmaz rayonlarından olan 40 idmançı 11 çəki dərəcəsində mübarizə aparıb.

Yekunda qaliblərə diplom və medallar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihə çərçivəsində Xızı rayonunda sərbəst güləş, Qusar və Şabran rayonlarında cüdo, Quba rayonunda isə atıcılıq yarışları və gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

Xəbər 1744 dəfə oxundu.