Azərbaycan Prezidentindən voleybolçulara böyük dəstək | |
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunları keçirilib. 16 komandanın dörd qrupda mübarizəsi ilə başlanan yarışlarda Azərbaycan voleybolçuları “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandalarına qalib gələrək qrup lideri kimi ¼ finala vəsiqə qazanıb. Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçirilib. Bu mərhələdə də Almaniya yığmasına qalib gələn qızlarımız yarımfinalda Niderland, 3-cü yer uğrunda görüşdə isə Türkiyə komandalarına məğlub olaraq, Avropa dördüncüsü olublar. Komandamızın sentyabrın 22-də Macarıstan yığması ilə, iki gün sonra isə Polşa voleybolçuları ilə oyunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tribunadan izləyib. Sentyabrın 25-də qadın voleybolçularımızın “A” qrupunda son oyunu zamanı - Almaniya yığması ilə qarşılaşmasında da dövlətimizin başçısı Milli Gimnastika Arenasına gələrək idmançılarımıza mənəvi dəstək verib. Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması ilə, eləcə də yarımfinal və 3-cü yer uğrunda görüşlərdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununu tribunadan izləyiblər. |
|
Xəbər 904 dəfə oxundu. |
|
|