Qığılcım, yoxsa ilğım
I dövrə: sonuncu turun qəribəlikləri

Milli futbol çempionatının birinci dövrəsi bir göz qırpımında başa çatdı. Dövrənin son turu, nəhayət, azsaylı sıraları da get-gedə seyrələn azarkeş dəstəsinə xəfif rəqabət işığı bəxş etdi. Lider söndü, ən yaxın rəqibi ümidləndi, əsas iddiaçı rüsvay oldu, autsayder libasına bürünmüş iki qocaman klub isə təsəlli tapdı. Bütün bunların yeni mübarizənin qığılcımı, ya da, sadəcə, ilğım vahəsi olduğunu isə qarşıdakı turlar göstərəcək.

"Nə üçün belə olur" sualına cavab axtarmaq üçün, gərək hər şeyi yenidən başlayasan, futbolun cəmi 8 klubluq yarışını vaxtilə böyük rəqabətin başlanğıcı adlandıranları hesabata çəkəsən. Daha sonra klubları inkişaf etməyə məcbur edəcək proqramı hələ də, heç olmazsa, kağız üzərinə köçürə bilməyənlərə də eyni sualı verib, axı, harada legioner limitinin “balta” formasının inkişafa gətirib çıxardığını xəbər alasan. Amma klublara da elə bu limitin ləğv olunması lazımdır ki, Azərbaycan futbolunun yetirmələrindən tamam üz döndərib harada ən perspektivsiz və ucuz oyunçu varsa, gətirib baş girləsinlər. Ya da ki, ötən illərdə - son mövsümə qədər - elitaya yüksələn komandaların olmamasının səbəbini, vaxtilə birinci divizionda təyin edilmiş qələbə mükafatını şişirdənlərdən gərək soruşasan.

Deyəsən, suallar ancaq bir ünvana gedir?! Klubların məsuliyyətini də heç kim ləğv etməyib. Nə üçün bu günə qədər heç bir klub özünü müstəqil bir biznes-təşkilat kimi görmək istəmir? Axı, futbolda dövr edən maliyyə təkcə hansısa kontordakı qoyuluşlardan ibarət deyil. Oyunçu yetişdirmək, onu görmək, ya da ki, xaricdən oyunçu gətirib bunu səmərəli biznesə çevirmək təkcə skautların və yaxud yalnız öz mənfəətini güdən menecerlərin işi deyil.

Suallar istənilən qədərdir. Ən əsası, bu günə qədər heç bir klubda davamlı strategiyanın, inkişaf kursunun olmaması futbolun yalnız bir hobbi kimi qalmasına gətirib çıxarıb. Az-çox "Qarabağ" bu işdə irəli atılmaq istəyir ki, bunu da yalnız Çempionlar Liqasına vəsiqə əldə edəndən sonra anlayıb. Hələ bu da dəqiq deyil. Komandanın qarşıdakı müddətdə verdiyi qərarlardan bunu anlamağa çalışacağıq.
İndi isə keçək turun və dövrənin son turunun əsas məqamlarına. "Qarabağ" ilk dəfə xal itirdi. Əsasən, günahkar özü oldu. Çünki rəqibin bu qədər dirənə biləcəyini ehtimal etməmişdi, ya da 90 dəqiqə ərzində bir qol da olsa, vuracağına əmin idi. Yəqin rəqibin turnir cədvəlindəki mövqeyindən xəbərsizdi. Elə "Zirə" də əvvəlki günlərinə qayıdaraq, tam ehtiyatlı və arxa planlı oyunu ilə diqqət çəkdi. Bu işi bacardığını komanda hələ elitada debüt ilində nümayiş etdirmişdi. Hər halda, bundan əvvəlki turlarda acizləşməyə, yerində saymağa başlamış bir komanda üçün bu bir fürsətdir. Amma paytaxt klubu "Qarabağ"la matçdakı oyununu əsas götürsə, bundan sonra yeni uğursuzluqların təməlini qoymuş olacaq. Çünki, əslində, "Zirə" bir qədər, heç olmasa, "Sumqayıt"ın "Qarabağ"ın qarşısına çıxdığı oyundakı qədər cürətli olsaydı, yəqin yarımsensasiyalı qələbə qazana və çempionu cəzalandıra bilərdi. Bu komanda, hələ ki, ön planda oynamağı öyrənə bilməyib.

Turun, ilk dövrənin ən böyük sensasiyası "Qəbələ"nin durulmayan sular içində özünü boğaraq, "Kəpəz"ə məğlub olmasıdır. Əsla, ev sahiblərinin tam aciz olduğunu söyləmək olmaz. Hətta 100 faizli qol şansları da var idi. Lakin eyni sözləri rəqib haqqında da söyləmək mümkündür. Heç bir inkişaf əlaməti olmayan "Kəpəz"in çempionluq iddiasında olan bir kluba qalib gəlməsi artıq "Qəbələ" rəhbərliyinin də səbr kasasını daşdırmalıdır. Çünki nə çıxış yolunu tapmaq istəyən var, nə də bunun üçün bir plan olduğunu deyən. Yəqin əsas rolda olanlar bu dəfə də transferləri gözləyirlər. "Qəbələ" isə bu gedişlə Azərbaycanın daha bir maddi-texniki bazalı məhv olmuş klubu statusu ilə tarixin yaddaşına qovuşmağa üz tutacaq. Bundan kim nə qazanacaq, görəsən?
"Neftçi" turun daha bir intibah ümidi ilə qələbə qazanan kollektividir. Komanda bu nailiyyəti alın təri ilə qazandı. Amma qarşısındakı, əslində, 11 nəfəri də araya gətirməyə halı qalmamış bir rəqib idisə, uğuru şişirtməyə ehtiyac yoxdur. Üstəlik, rəqibin iki həlledici, bütün heyət in liderlik keyfiyyəti ilə seçilən üzvləri yoxdursa, qələbə bir az mücərrədləşir. Lakin onu da etiraf etmək olar ki, bu qələbə "Neftçi"yə yeni sükançısı ilə şans verdi: psixolgiyası tam pozulmuş kollektivin ipə düzülməsi üçün ən böyük fürsətdən istifadə edərək, çox iş görmək olar. Həm də elə oyun planında çox yenilik müşahidə olunur. İlk növbədə, futbolçuların qruplara bölünmüş şəxsi münasibət tərzi az hiss olunur. İkincisi, taktiki dəyişiklikdən savayı, funksional davamlılığın artması qısa müddətdə əldə oluna biləcək ən yaxşı nəticədir. Hərçənd bunlar hələ təsdiq üçün növbəti oyunların sınağından çıxmalıdır. Beləcə, "Neftçi" fasiləyə yeni ümidlə çıxmaq üçün ilk fursəti yaxalayıb.

Bu həftənin ən uğurlu kollektivi isə "Sumqayıt"dır. Komandada qığılcım var, lakin onu oda çevirmək üçün nəsə çatışmır. Birinci məsələ, taktiki çiylikdir. İkincisi, komandanın təcrübəli və gənc üzvlərini bir vahidə çevirəcək qüvvənin olmamasıdır. Ona görə də kollektiv bir oyunda parlayıb, o birində sönür. Bu dəfə debütanta qalib gəlməklə potensialını bir daha nümayiş etdirdi. Əslində, bu görüşdə paytaxt təmsilçisinin məşqçi korpusu səhvə yol vermişdi. Nə müdafiədə oynayan kimi oynadı, nə də hücuma atılmaq kimi cəsarətini axıra qədər nümayiş etdirdi. Buna görə erkən parçalandı. Hərçənd "Səbail" üçün bu mövsüm sınaq ili olduğundan rəqibləri özündən yuxarıda görərək, "Zirə"nin debüt ilində olduğu kimi, ehtiyatlı oynaması sərf edər. Ən azı, qış fasiləsinə qədər belə olmaq lazımdır. Çünki "Kəpəz"lə "Neftçi", elə ötən tur göstərdikləri kimi, istənilən an tarixi yükü öz üzərinə götürüb, geridə qalan illərin gücü ilə parlayıb "Səbail"i sonuncu pilləyə sıxışdıra bilərlər.

bütün bunlarla yanaşı, bu "bayıllıl ar"ın məşqçi korpusunun debütant adı ilə erkən vidalaşmaq üçün fəal variantlara əl atması təqdirəlayiq cəsarətli addım sayıla bilər. Ona görə də bu komandadan böyük sürpriz gözləməyə dəyər - elə böyük iflas da.

Xəbər 762 dəfə oxundu.