Sloveniya millisi basketbol üzrə Avropa çempionatının finalına yüksəlib | |
Basketbol üzrə 40-cı Avropa çempionatının ilk finalçısı Sloveniya millisi olub. İstanbuldakı Sinan Erdem arenasında keçirilən yarımfinal mərhələsinin ilk oyununda İspaniya yığmasını 92:72 hesabı ilə məğlubiyyətə uğradan Sloveniya milli komandası adını finala yazdırıb. İspaniyalılar ilk periodda 19:25 hesabı ilə məğlub olsalar da, ikinci periodda çətinliklə də olsa qalib gələ biliblər – 26:24. Bundan sonra oyunda üstünlüyü tamamilə ələ alan Sloveniya yığma komandası üçüncü və dördüncü periodları 24:12 və 19:15 hesabı ilə üstün başa vurub. Oyunda Sloveniya millisinin heyətində Luka Donçiç 11 xal və 12 ribaund, ispaniyalı basketbolçulardan isə Mark Qasol 12 xal və 10 ribaund ilə matçın ən yaxşı oyunçuları olublar. Bu qələbə sayəsində finala yüksələn Sloveniya yığma komandası həlledici görüşdə Rusiya-Serbiya qarşılaşmasının qalibi ilə üzləşəcək. Həmin qarşılaşma bu gün keçiriləcək. İspaniya millisi isə üçüncü yer uğrunda mübarizə aparacaq. “Eurobasket 2017”də üçüncü yer uğrunda görüş və final matçı sentyabrın 17-də keçiriləcək. Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu. |
|
Xəbər 1565 dəfə oxundu. |
|
|