Natəvan Afşar: «Bakı» klubu yaradılandan, hədəfimiz Çellenc kubokunu qazanmaq olub
Martın 28-də Bakıda qadın voleybolçular arasında Çellenc kubokunun finalının ilk görüşü keçiriləcək. İdman.com.az saytının məlumatına görə, ötən səfər olduğu kimi bu dəfə həlledici mərhələdə Azərbaycan klubları qarşılaşacaqlar. Mütəxəssislərin fikrincə, ölkə çempionatında işləri yaxşı gedən «Bakı»nın qızıl medala əsas namizəd olduğu ehtimal edilir. Əsas səbəb, debütantın daxili rəqabətdə «Lokomotivi» 2 dəfə üstələməsidir.

Amma «ağ-göylər»in təcrübəli voleybolçusu Natəvan Afşar bizimlə söhbətdə ehtiyatlı danışıb. Onun sözünə görə, hazırda hər 2 komanda bərabər gücdədir: «Super Liqada «Lokomotiv»lə 2 dəfə qarşılaşıb, qələbə qazanmısıq. Ancaq bu o demək deyil ki, rəqib zəifdir. Məncə, indi hər 2 klubda basqa bir hirs var. Kecən il finalda məğlub olan «Lokomotiv» bu səfər kuboku qazanmaq üçün əlindən gələni edəcək. Bizə gəlincə, komanda qurulandan hədəfimiz bu yarışda baş mükafata sahib çıxmaqdır.

Hər 2 baş məşqci təcrübəlidir. Onlar öz taktikaları verəcəklər ki, komandası qalib gəlsin. Amma son nöqtəni voleybolçular qoyacaqlar. Hər 2 klubun finala yarasan oyun nümayiş göstərəcəyinə inanıram. İnşallah, qalib gələn tərəf biz olarıq və Azəbaycana bu bayramı məhz bizim «Bakı» klubu yaşadar. Hər 2 kollektivə indidən uğurlar arzulayıram».

Qeyd edək ki, sözü gedən matç Heydər Əliyev adına İdman-Konsert Kompleksində saat 19:00-da start götürəcək.

KAMRAN

Xəbər 1204 dəfə oxundu.