Karateçilərimiz Urmiyada keçirilən beynəlxalq turnirdə 13 medal qazanıblar | |
Karateçilərimiz İranının Urmiya şəhərində keçirilən kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirini 4 qızıl, 5 gümüş, 4 bürünc olmaqla 13 medalla başa vurublar. 14-15 yaşlı yeniyetmələrdən Tale Yaqubov (-57 kq) qızıl medala, Hüseyn Hüseynzadə, Sultan Hüseynov, Hüseyn Məmmədli bürünc mükafata sahib olub. 16-17 yaşlı gənclərdə Hümmət Baxşəliyev (-61 kq) birinci yeri, Müseyib Məmmədov (-55 kq) ikinci yeri, Kənan Mir Pənah (kata) və Murad Balakişiyev (-76 kq) isə üçüncü yeri tutub. Böyüklərin yarışında Roman Heydərli (kata) çempion olub. Rafiz Həsənov (-67 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Komanda çıxışlarında Şahin Atamov, Əli Cəfərov, Rafiz Həsənov, Novruz Əliyev, Pənah Abdullayev, Turqut Həsənov və Məhəmməd İsmayılovdan ibarət heyət yalnız İranın birinci komandasına məğlub olaraq gümüş medallara sahib olublar. Emil Güləhmədov, Murad Hacızadə, Orxan Əhədov, Samir İbrahimov, Elcan Məmmədrzayev, Ruslan Əhmədov və Hüseyn Əliyevdən ibarət ikinci komandamız isə Türkiyə komandası ilə birgə bürünc medal əldə edib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyada ənənəvi yarışda iştirak edən heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Urmiya şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində 13 ölkədən 312 idmançı mübarizə aparıb. |
|
Xəbər 1436 dəfə oxundu. |
|
|